Şairlər


Qüdrət Vəlixanov

Qüdrət Vəlixanov 1922-ci  ildə Azərbaycan Respublikası Qusar rayonunun Qılah kəndində anadan olmuşdur. Şairin gəncliyi müharibə vaxtına düşmüşdür. O, Böyük Vətən müharibəsində iştirak etmiş və qalibiyyətlə geri qayıtmışdır. Qüdrət Vəlixanov erkən yaşlarından şer yazmağa başlamışdir.  Şair şerlərinin çoxunu bədahətən söyləmişdir. Ona görə də onun şerlərinin bir hissəsi bu günümüzə gəlib çatmamışdır.

Qılah Qüdrət ömrünün axırına kimi kənddə rəncbərlik edib, ailəsini saxlayıb. Qüdrətin şerləri S.Süleymanın şerləri qədər qiymətlidir.

Q.Qüdrət 2003-cü ildə vəfat etmişdir.


Ləzgi Nemət

Ləzgi Nemət 1932-ci il mayın 20-də Qusar rayonunun Əcəxür kəndində anadan olmuşdur. Orta məktəbi rayonun Yargun kəndində oxumuşdur. Sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. 1956-cı ildən Qusar rayonunun orta məktəblərində dil və ədəbiyyyat müəllimi kimi çalışmışdır. Ömrünün axırına kimi Qusar rayonunun 3-saylı orta məktəbində dərs demişdir. Ləzgi Nemətin ilk şeri 1947-ci ildə Bakıda çıxan “Azərbaycan gəncləri” qəzetində çap olunmuşdur. L.Nemət 5 kitabın - “Dağlarda”, “Bembes”, “Zəhmət haqqında bayatılar”, “Mənim xəyallarım” və “Şerlər” kitablarının müəllifidir.

L.Nemətin poeziyasının mövzusu genişdir. Ləzgi poeziyasında özünəməxsus iz qoymuş, ona yenilik gətirmiş, mövzu cəhətdən zənginləşdirmiş şair vətən, doğma xalq, zəhmətkeş adamlar, məhəbbət, dövrün çatışmamazlıqları haqda güclü pafosla şerlər yazmışdır.

Ləzgi Nemət xalqını sevən, vətənpərvər şair idi.

Şair 1988-ci ildə vəfat etmişdir.


Stal Sayad

Stal Sayadın adı xalq arasında çoxdan məlumdur. Onun şerlərini xalq mahnılarından, xalq yaradıcılığından ayırmaq çətindir. Sayadın şerlərinin çoxu nakam məhəbbətə həsr olunsa da, onlarda yaşamaq uğrunda mübarizə, o dövrün ədalətsizliklərinə qarşı mübarizə var.

Həmkəndlisi kasıb rəncbərin oğlu Şıxrəhimlə Sayadın arasında böyük məhəbbət yaranır. Amma atası onu başqa kənddə yaşayan dövlətli adama verir. Qanunlara tabe olmaqdan başqa çarəsi olmayan Sayad çətin dövrdə başını aşağı əymir. Sayad ömrünün axırına kimi məhəbbətinə sadiq qalır.  Onunla ömür yoldaşı olan adam onun ürəyinə yatmır.

 Uşaq vaxtlarından anasını itirən Sayad həyatın bütün çətinliklərini yaşayır.

Şairin şerləri sadə, gözəl və rahat dildə yazılmışdır. Stal Sayadın irsi hələ tamam toplanılmayıb. Onun şerlərinin hamısı bizə məlum olmasa da, bir hissəsi mahnılara çevrilib xalq arasında ağızdan-ağıza keçir.

Stal Sayad 20 yaşı tamam olmamış vəfat edir.

Onun şerləri həmişə xalq arasında yaşayacaqır.


Xanbiçə Xammətova

Xanbiçe Xammətova 1938-ci ilin 28 iyununda Dağıstanın Xiv rayonunun Tsılax kəndində anadan olmuşdur. O, Dağıstan  Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Müəllimlərin Təkmilləşdirilmə İnstitutunda metodist, A.Taxo-Qodi adına elmi-tədqiqat məktəbində işləmiş, Dağıstan Yazıçılar İttifaqının katibi və Ləzgi Yazıçıları Cəmiyyətinə rəhbərlik etmişdir.

X.Xammətova 1974-cü ildən SSRİ Yazıçılar İttifaqının üzvüdür.

İlk şerləri Dağıstanda çap olunan “Kommunist” qəzetində və “Dağıstan qadını” jurnalında çap edilmişdir. Ləzgi və rus dillərində yazdığı bir neçə şer kitabının müəllifidir.

1992-ci ildə Xanbiçe Xammətovaya Dağıstan Xalq şairi adı verilmişdir.


Yetim Emin

Yetim Emin ləzgi poeziyasının klassik şairidir. Əsl adı Məhəmməd olan Emin “Yetim” təxəllüsünü sonradan götürüb. Y.Emin 1838-ci ildə Dağıstanın Kürə xanlığının Siling  kəndində anadan olub.  Şairin atası savadlı adam idi. İlk dəfə yazıb-oxumağı  atasından öyrənən şair, sonradan Kean aulunda Xoca İsmayıl əfəndinin mədrəsəsində təhsil alır. Təhsilini Əlqədar kənd mədrəsəsində bitirir. O, burada təkcə Qurana yiyələnmir, həm də şərq dillərini öyrənir. Eminin ömrünün böyük hissəsi atasının qazılıq etdiyi Yalsuğ kəndində keçib.  Atasının ölümündən sonra Emin atasının yerində işləməyə başlayır.

Yetim Eminin yaradıcılığı çoxşaxəlidir. Amma o, qəlbən lirik şair idi. Onun şerlərində həqiqət, sadəlik, məhəbbət əsas yer tutur. Yetim Emin yaradıcılığının çiçəklənən çağında ağır xəstəliyə tutulur. O, yatağa düşür. Nə yerlı həkimlər, nə də Dərbənd həkimləri şairə kömək edə bilmirlər. Şair 1885-ci ildə rəhmətə gedir. Onu doğma kənddə basdırırlar.

Yetim Eminin ölümündən illər keçib.  Amma onun ləzgi şeriyyətinə, ədəbiyyatına qoyduğu irs özünün bədiiliyi ilə, fəlsəfi  dərinliyi  ilə əvəzedilməzdir. 

Şairin “Dustariz”, “Zaz sabur quz”, “Bilbil”, “Tükezban”, “Akvaz kan ya”, “Qüzel Tamum”, “Aman yar”, “Ey, zi qüzel”, “Baxtavar”, “Haray eller”, “Dünya hey” və başqa şerləri bu günə kimi xalqın dilində əzbərdir.


Əlirza Səidov

Ə.Səidov ilk dəfə ləzgi ədəbiyyatına ballada, sonet, lirik süita, şerlə yazılmış povest janrlarını gətirən şairdir. Onun yaradıcılığı bu günkü poeziyanın tələblərinə cavab verir.

Əlirza Səidov 1932-ci ildə Axtı rayonunun Qutunğar  kəndində anadan olub. Kənd məktəbində oxuyub, sonra isə Dərbənddə pedaqoji məktəbi bitirib. Hələ məktəb illərindən şer yazmağa başlayan şairin şerləri  1950-1954-cü illərdə işlədiyi “Sosializmdin paydax” qəzetinin səhifələrində çap olunmağa başlayıb. Qabiliyyətinə görə onu Dağıstan Yazıçılar birliyi tərəfindən Moskvaya A.M.Qorki adına Ədəbiyyat İnstitutuna göndərirlər. Sonra şair Dağıstana qayıdır.

Ə. Səidov ləzgi ədəbiyyatında ilk dəfə ballada yazıb.  Onun onlarla şerinə bəstəkarlar mahnılar qoşub, indiyə kimi dilə-ağıza düşüb. Onlardan “Naz eləmə”, “Sinyorina” kimi mahnılar bu gün də hamı tərəfindən sevilir.

Ə.Səidov ondan çox kitabın müəllifidir. O, həm də başqa xalqların dillərindən ləzgi dilinə tərcümələr   eləyib. N.Gəncəvinin, Ə.Nəvainin, A.S.Puşkinin, M.Y.lermontovun, T.Q.Şevçenkonun, V.V.Mayakovskinin, S.A.Yeseninin, S.Vurğunun, R.Həmzətovun və başqalarının əsərlərini ləzgi dilinə böyük ustalıqla tərcümə edib.

 


Stal Süleyman

            Stal Süleyman sovet ləzgi poeziyasının əsasını qoymuş ləzgi xalqının böyük şairidir. O, 1869-cu ildə Dağıstanın  Kürə vilayətinin Aşağı Stal kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. Uşaq vaxtı  yetim olmuş şair, uzun illər çörək qazanmaq üçün qürbətdə olmuşdur.  Bakıda neft mədənlərində, Səmərqənddə dəmir yolunda işləmiş, varlı adamların qapısında nökərlik etmişdir.

            S.Süleyman poeziyaya özünəməxsus yenilik gətirmişdir. Şer yazmağa orta yaşlarında başlamışdır.  İlk dəfə“Bülbül”şerini 1900-cü ildə yazmışdır. Onun şerləri qəzetlərdə çap olunmuş, 1927-ci ildə Moskvada nəşr olunan “Ləzgi şairlərinin seçilmiş əsərləri” kitabına şerləri daxil edilmişdir. Ilk kitabı olan “Seçilmiş əsərləri” 1934-cü ildə çıxmışdır. Bundan sonra o, Dağıstan Xalq şairi adına layiq görülmüşdür. Fəal yaradıcılığına görə şairə lenin ordeni verilmişdir.

            Stal Süleyman 1937-ci ildə vəfat etmişdir.


 

Küçxür Səid
 

XVIII  əsrin axırı, XIX əsrin əvvəllərində yaşayıb-yaradan şair  Küçxür Səidin ləzgi poeziyasında  özünəməxsus yeri  var. Onun yaradıcılığı Kürə vadisi boyu qəddarlığı və qaniçənliyi ilə məşhur olan qazıqumux xanı Surxay xanın hökmranlıq etdiyi illərə düşür.

K.Səid ləzgi ədəbiyyatına ilk dəfə mübariz ruhda şer nəfəsi  gətirən şairdir. Onun o dövrü tənqid edən cəsarətlə yazılmış realist şerləri Surxay xana çatırdı. Xan hiddətlənirdi. O, Səidi öz yanında qalmağa çağırdı. Amma  o, xanın yanında qalmağa razı olmur. Xan şairdən qisas almağı qət edir. Onu ailə məclisinə dəvət edir. Surxay xan ondan öz qohum-əqrabasını şirin nəğmələri ilə tərifləməyi  tələb edir. Səid oxuyarkən xan onu arvadlarına şəhvətlə baxmaqda ittiham edir, və nökərlərinə şairin gözlərini çıxarmağı əmr edir.

Amma Səid ruhdan düşmür. O, dövlətliləri rüsvay edir, cəsarətlə onları biabır edirdi. Onun yaradıcılığında xalqın yaşayışı, dərdi-halı, oturuşu-duruşu böyük ustalıqla və saflıqla verilib.  Şair az yaşadı, ancaq poeziya aləmində qoyduğu iz çox illər xalqın tarixində qalacaqdır. K.Səidin yaradıcılığına onlarla şair şerlər həsr edib, poemalar yazıb eləcədə yazıçılar roman, povestlər qələmə alıb.

 


Şah-Əmir Muradov

Şah-Əmir Muradov – Dağıstan xalq  şairidir. O, 1913-cü ildə Doquzpara rayonunun Quruş kəndində anadan olmuşdur.

 Ş.Ə.Muradov əvvəllər kənddə müəllimlik etmiş, sonra isə respublika qəzetləri olan “Sosializm bayrağı”, “Kommunist” qəzetlərində əməkdaşlıq etmiş və Dağradiokomitəsində ləzgi dilində “Dostluq” almanaxının redaktoru olmuşdur.

Ş.Ə.Muradov lirik şairdir.“Xoşbəxt Dağıstan” adlıanan ilk kitabı 1949-cu ildə çap olunmuşdur. Şaırın bir-birinin ardınca  “Ağ göyərçinlər“, “Dağlı nəğməsi” kitabları, “Dağlarda işıq”, “Otbiçənlər”, “Məhəbbət haqqında dastan” poemaları nəşr olunmuşdur. “Kimin hədiyyəsi yaxşıdır”, “Valehedici rəsm” “Şalbuzdağın mehi” kitablarını Ş.Ə.Muradov böyük məhəbbətlə uşaqlara həsr etmişdir. Bundan başqa o, nəsr əsərləri də yaratmışdır. Şairin А.Rəcəbovla birlikdə yaratdığı “Funduqbəy” komediyası artıq neçə ildir S.Stalski adına Dağıstan Ləzgi Dövlət teatrının səhnəsində oynanılır. Ş.Ə.Muradov A.S. Puşkini, M.Y. lermontovu, V.V. Mayakovskini R. Həmzətovu və başqalarını doğma dilə tərcümə etmişdir.


Sədaqət Kərimova

Sədaqət Qayınbəy qızı Kərimova 1953-cü ilin martın 30-da Qusar rayonunun Qələcuq kəndində anadan olmuşdur. 1969-cu ildə Qusar şəhər 1 saylı orta məktəbini bitirmişdir. O, hələ məktəb illərindən respublikanın bir sıra qəzet və jurnallarında şeir, hekayə və məqalələrlə çıxış etməyə başlamışdır. X sinifdə oxuyarkən “Azərbaycan gəncləri” qəzetinin respublika məktəbliləri arasında keçirdiyi “Anam, doğma Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsinin qalibi olmuşdur.
     1969-cu ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olan S.Kərimova tələbəlik illərinin ilk günlərindən “Azərbaycan gəncləri” qəzetinin ştatdankənar müxbiri kimi respublikamızın ən böyük tirajla nəşr olunan bu mətbu orqanında maraqlı məqalə və oçerklərlə çıxış etməyə başlamışdır.
      S.Kərimovanın mənəviyyat məsələlərinə həsr olunmuş oçerkləri respublikada böyük əks-səda doğurmuşdur.
     Peşəkarlıq səyiyyəsi və zəhmətkeşliyi nəzərə alınaraq Sədaqət Kərimova hələ universitetin beşinci kursunda oxuyarkən istisna kimi o dövrün aparıcı mətbu orqanlarından olan, Azərbaycan KP MK-nın “Sovet kəndi” qəzetinə müxbir vəzifəsinə işə götürülmüşdür. Həmin qəzetdə o, 17 il fasiləsiz çalışmışdır.
     1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin orqanı olan “Həyat” qəzeti nəşrə başlayanda S.Kərimova oraya işə dəvət olunmuş, məktublar, ictimai rəy və zona müxbirləri şöbəsinə müdir təyin olunmuşdur. 1992-ci ildə həmin “Həyat” qəzetinin adı dəyişdirilərək “Azərbaycan” olanda o, mədəniyyət şöbəsinin müdiri olmuş, 1994-cü ilə kimi həmin vəzifədə çalışmışdır. 1994-1995-ci illərdə o, Azərbaycan və rus dillərində işıq üzü görən beynəlxalq “Günay” qəzetinin baş redaktorunin müavini kimi fəaliyyət göstərmişdir. 1996-cı ildə “Kirpi” satira jurnalının müxbiri olmuşdur. S.Kərimova 1997-ci ildən üç dildə çıxan “Samur” qəzetinin baş redaktorudur. Peşəkar jurnalist kimi öz dəst-xətti ilə tanınan Sədaqət Kərimova Azərbaycan, rus və ləzgi dillərində çap olunmuş 8 minə yaxın məqalə, oçerk, korrespondensiya, zarisovka, esse və felyetonların müəllifidir.
     2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə S.Kərimovaya “AzərbaycanRespublikasının əməkdar mədəniyyət işçisi” fəxri adı verilmişdir.2009-cu ildə o, Dağıstan Respublikasının “Şarvili” mükafatına layiq görülmüşdür. 2012-ci ildə  yazıçı-jurnalist kimi yorulmaz fəaliyyətinə görə S.Kərimova Dağıstan Respublikası Hökumətinin “Fəxri Fərmanı”  ilə təltif olunmuşdur Hələ uşaqlıqdan bədii yaradıcılıqla məşğul olan Sədaqət Kərimova indiyə kimi nəşr olunmuş 16 nəzm və nəsr kitabının müəllifidir.
        2012-ci ildə S.Kərimovanin Bakıda rus dilində "Ayı yağışı" adli povest və romanlardan ibarət kitabi, Mahaçqalada isə ləzgi dilində “Dil haqqında ballada” adlı seçilmiş şeirlərdən və poemalardan ibarət kitabı işiq üzü görmüşdür.
     2013-cü ildə S.Kərimovanın sayca 17-ci olan povest və romanlardan ibarət "Ağ qəm" kitabı "Azərbaycan" nəşriyyatında çapdan çıxmışdır. Azərbaycan Nobel İnformasiya Mərkəzi S.Kərimovanın anadan olmasının 60 illiyi münasibəti ilə "Sədaqət Kərimovanın həyat və yaradıcılığı" adlı biblioqrafik vəsait hazırlayıb nəşr etmişdir.


Müzəffər Məlikməmmədov
 
 
      Məşhur jurnalist, şair, tədqiqatçı Müzəffər Nizam oğlu Məlikməmmədov 1948-ci ilin iyulun 25- də Quba rayonunun Digah kəndində anadan olmuşdur. Quba şəhər 4 saylı internat məktəbini fərqlənmə ilə bitirib, “Qızıl Qusar” qəzeti redaksiyasında əmək fəaliyyətinə başlamışdır. Bir müddət burada işlədikdən sonra Sovet Ordusu sıralarında xidmət etmiş, Leninqrad hərbi müxbirlər məktəbinə oxumağa göndərilmişdir. 1968-1970-ci illərdə “Sovetskiy moryak”, “Krasnaya zvezda” və digər hərbi qəzetlərdə çoxlu sayda məqalələri dərc olunmuş M.Məlikməmmədov “Leninqrad hərbi dairəsinin ən yaxşı müxbiri” adına layiq görülmüşdür. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alarkən əla təhsilinə görə C.Cabbarlı adına təqaüdə layiq görülmüş, universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan KP MK-nın “Sovet kəndi” qəzetində işə göndərilmişdir. Burada o, nəzmlə yazılmış felyetonları ilə tanınmışdır. M.Məlikməmmədov jumalistikada reyd janrını inkişaf etdirmişdir. 1983-cü ildə onun xalq nəzarəti məsələlərinə həsr olunmuş “Qəzet və xalq nəzarəti” kitabı 10 min nüsxə tirajla çap olunmuşdur.
       M.Məlikməmmədov 1810-1840 və 1918-1930-cu illərdə Quba qəzasında baş vermiş hadisələri tədqiq edərək, rus müstəmləkəçilərinin və erməni daşnaklarının əleyhinə döyüşmüş neçə-neçə ləzgi qəhrəmanını üzə çıxarmışdır. Bu axtarışlarm nəticəsi olaraq o, ləzgi dilində “Quba iğtişaşı” və Azərbaycan dilində “Qanlı dərə” kitablarını oxuculara çatdırmışdır. M.Məlikməmmədovun “Qızıl Qusar”, “Sovetskiy moryak”, “Sovet kəndi”, “Həyat”, “Bərəkət”, “Alpan” qəzetlərində müxbir, baş müxbir, şöbə müdiri, redaktor müavini, redaktor, həmçinin “Samur” qəzetində redaktor müavini vəzifələrində çalışdığı illərdə ləzgi, Azərbaycan və rus dillərində 7500-dən çox məqalələri, oçerkləri, esseləri, reportajları, korrespondensiyaları, felyetonları, zarisovkaları, reydləri və informasiyaları dərc olunmuşdur. Jurnalistika sahəsində qazandığı uğurlara görə Müzəffər Məlikməmmədov 2 medala, Azərbaycan Jurnalistlər İttifaqının “Qızıl Qələm” mükafatına, Azərbaycan KİVHİ-nin “Araz” ali ədəbi mükafatına layiq görülmüşdür.
      1999-2004-cü illərdə M.Məlikməmmədov Dağıstan Dövlət Universitetinin Bakı fılialında Dağıstan fılologiyası kafedrasının müdiri vəzifəsində çalışmışdır. Müzəffər Məlikməmmədov Azərbaycan və ləzgi dillərində işıq üzü görmüş 14 kitabın müəllifıdir. Onun Azərbaycan dilində qələmə aldığı “İgid ömrü”, “Gecə işığı”, “Xaçmaz zəfər gözləyir”, “Polkovnikin andı”, “Qanlı dərə” və digər kitabları, həmçinin ləzgicə çıxmış “Bənövşə kimi bitərəm”, “Sevgilimə 200 mahnı”, “Quba iğtişaşı”, “Kasar” və başqa kitabları oxucular tərəfindən böyük rəğbətlə qarşılanmışdır. “Adın ləzgidirsə...” kitabı ilə o, ləzgi ədəbiyyatında esse janrının əsasını qoymuşdur. M.Məlikməmmədov ləzgi dilçiliyi məsələləri ilə də yaxından məşğul olur. Onun bu sahəyə dair 140-dan çox məqaləsi işıq üzü görmüşdür. 2008-ci ildə çap etdirdiyi “Ləzgi dilləri” kitabında ləzgi, tabasaran, buduq, xınalıq və qrız dillərini müqayisəli tədqiq edən M.Məlikməmmədova Dağıstan Dövlət Universiteti tərəfmdən bu mövzuda dissertasiya müdafıə etmək təklif olunmuşdur.
      M.Məlikməmmədovun şeir və poemaları Dağıstanda və Azərbaycanda bir neçə dilə tərcümə olunmuşdur. Azərbaycanın tanınmış şairi Kələntər Kələntərli onun “Arağıstan” poemasıın ləzgicədən azərbaycancaya çevirmişdir. Məşhur ləzgi yazıçısı Rasim Hacı “Dənizlərdəki ləzgilər” povestini Müzəffərə ithaf etmişdir. Gənc alim Gülbəs Aslanxanova 2008-ci ildə M.Məlikməmmədovun həyat və yaradıcılığına həsr etdiyi “Böyük ləzgi” kitabını çapdan buraxmışdır.

Asəf Mehman

 

  Məşhur bəstəkar, şair, nasir və dramaturq, Dağıstanın əməkdar incəsənət xadimi Asəf Mehman 1930-cu ildə Qusar rayonunun Əcəxür kəndində anadan olmuşdur. 1937-ci ildə kənddə məktəb təşkil edib orada müəllimlik fəaliyyəti ilə məşğul olan atası Mehman Abdullayev "xalq düşməni" kimi həbs olunub Sibirə sürgün edildikdə onun altı övladının tərbiyəsi ilə anası Xaselem və böyük bacısı Çimnaz məşğul olur.  Həyat onu nə qədər ağır sınaqlara çəksə də, Asəf uşaqlıqdan oxumağa meyl göstərir. Onun anası övladlarının təhsil almasına yaxından kömək göstərir.     Uşaqlıqdan zehinli və bacarıqlı olması ilə seçilən Asəf Quba pedtexnikumuna daxil olur. Buranı başa çatdırmamış onu Xızı rayonuna müəllim işləməyə göndərirlər. Sonra o, hərbi xidmətə çağrılır. Xidməti borcunu yerinə yetirdikdən sonra, Qubadakı texnikum bağlandığına görə o, təhsilini Dərbənd pedaqoji texnikumunda davam etdirir. Buranı başa vurub, Dəvəçi rayonunda müəllim kimi fəaliyyətə başlayır. Onun şeirləri respublikanın qəzet və jurnallarında işıq üzü görür.  İlk şeirlərini Azərbaycan dilində qələmə alan şairin imzası Azərbaycan mətbuatında tez-tez görünür.
  Sonralar o, ləzgi dilində yazmağa başlayır. Musiqi istedadı olan, tar çalıb mahnı oxumağı xoşlayan gənc mahnı yaradıcılığına başlayır və tezliklə onun mahnıları dildən-dilə düşür. 1960-cı ildə Dağıstana köçəndə Asəf Mehman çoxlu sayda mahnının müəllifi kimi tanınırdı. Məşhur müğənni Düriyyə Rəhimovanın Bakı radiosundan ləzgi dilində səsləndirdiyi "Qara gözlər", "Yuxu" kimi mahnıları onun müəllifinə böyük şöhrət gətirmişdi. Sənətkar təqaüdə çıxana kimi həmin vəzifədə çalışır. Böyük bacarığı ilə seçilən Asəf Mehman Dağıstan Dövlət Radio Verilişləri Komitəsinin ləzgi musiqisi redaksiyasının rəhbəri təyin olunur.
  Asəf Mehman "Ana ürəyi", "Mənim vüqarım", "40 bahar", "Ləpələr", "Hörmət", "Mənsiz", "Özüm özüm haqqımda", "Fəxr edirəm", "Yüz bir mahnı", "100 qəzəl" kitablarının, "Mənim Sədəfım", "Şurşurəli", "Xarubəy və Tsarubəy" musiqili komediyalarının və "Daş sandıq" dramının müəllifidir. K. Qurbanəliyev onun həyat və yaradıcılığına həsr olunmuş "Tanıdığımız Asəf Mehman" kitabını çap etdirmişdir. 2010-cu ildə Dağıstanın xalq artisti fəxri adına layiq görülmüş Asəf Mehman şirin mahnıları və lirik şeirləri ilə tanınan sənətkardır. O, bu yaxınlarda 80 illik yubileyini təntənə ilə qeyd edib.

Sədaqət Kərimova - Dilin balladası