Adət-ənənələr

LƏZGİ EVİ

Ənənəvi ləzgi evləri təpələrdə, hündür yerlərdə, çaya və bulağa yaxın, təbiətin gözəl qoynunda, abad və gülşən yerlərdə ucaldılır. Qədim dövrlərdə evlər milli memarlıq üslubunda inşa edilirdi. Qız və oğlan uşaqları üçün ayrıca otaqlar nəzərdə tutulurdu. Ər-arvadın otağı kimi, ailənin yaşlı üzvlərinin (baba, nənə və s.) otaqları da ayrı idi. Ən geniş, işıqlı və bəzəkli otaq adətən qonaq üçün ayrılır. Ona “tav” (qonaq otağı) deyilir. Burada qonağın rahat dincəlməsi üçün yaxşı şərait yaradılır.

Evlər bir qayda olaraq gündoğana baxır. Kənddə və ya şəhərdə yaşamalarından asılı olmayaraq, ənənəvi ləzgi evləri ikimərtəbəli olur. Onun birinci mərtəbəsi təsərrüfat və məişət ehtiyacları üçün ayrılır. Ikinci mərtəbə isə yaşayış üçün nəzərdə tutulur. Hündür, dövrələmə eyvanlar ləzgi memarlığına xasdır. Onlara xalq arasında “beş eyvanlar” deyirlər. Bir xalq mahnısında bu barədə belə deyilir:

Uca yerdə qərar tutan,

Beş eyvana külək dolsun.

Bu dünyada keçən beş gün

Könül sevən yarla olsun!

Hər evin ayrıca anbarı olur. Burada ailənin ərzaq ehtiyatı saxlanır. Meyvə və tərəvəzdən ötrü anbarın döşəməsində qazılıb səliqə ilə suvanmış üstü bağlı dayaz quyular hazırlanır. Taxıl və un saxlamaq üçün isə adətən çubuqlardan hörülüb palçıqla suvanmış qablardan istifadə edilir. Ləzgilər ənənəvi olaraq kat, kandu və zakandan istifadə edirlər. Kat təxminən yarım ton, kandu bir tonadək, zakan isə bir tondan çox taxıl tutan qablara deyilir.

Anbarda həmçinin yağ və pendir saxlamaq üçün ayrıca qablar qoyulur. Burada mətbəxdə işlədilən qablardan ötrü ayrıca rəflər düzəldilir. Onlara mis qazanlar, dolçalar, sərniclər, tabaqlar yığılır. Ləzgilər ot daşımaqdan ötrü toxunmuş zənbilləri də burada saxlayırlar.

Sədaqət Kərimovanın “Qusar, qusarlılar” kitabından.